İcra başçılarının səyyar görüşləri: real vəziyyətdən irəli gələn təkliflər
Etiraf edim ki, son bir neçə il ərzində ondan artıq icra hakimiyyəti başçısının və əməkdaşlarının rüşvət üstündə həbs edilməsi bütünlükdə icra
strukturlarına olan inamımı bir xeyli sarsıtmış oldu. Özü də tək mənim yox. Həbs
olunanlar arasında ara-sıra bələdiyyə sədrlərinin olması da hər halda təsadüfü
deyildi. Həbslərdən nəticə çıxaranlarda oldu, çıxarmayanlarda.
Onu da etiraf etməliyəm ki, bu gün yerində
olan, sakini heç olmasa dinləməyi bacaran məmurlar da az deyil. Mərkəzi icra
orqanlarının regional idarəetməyə keçid etdiyi və “əlində” əvvəlki səlahiyyətlərinin
olmadığı bir vaxtda ortalığa iş qoymağı bacaran, habelə bələdiyyə-icra münasibətlərini
sivil şəkildə tənzimləyən icra başçıları da bu gün az deyil. Onu da qeyd edim
ki, hazırda bələdiyyələrlə əməkdaşlıq etməyə maraqlı olan, əslində onlarla tərəfdaş
kimi davranan siyasi rəhbərlər də var.
Ancaq bütün bunlarla yanaşı, təəssüf edirəm
ki, bu gün bələdiyyə iclasında sədr seçilən şəhid anasına ögey münasibət bildirən
həm məmur, həm də siyasi rəhbər də var. Adını
çəkmək istəmədiyim başçının rəhbərlik etdiyi rayonun icra hakimiyyətinə etdiyim
müraciətə çox çətinliklə də olsa 84 gündən
sonra cavab almağımı isə təəccüblə baxmıram.
Çünki siyasi rəhbər yerində olsaydı, yəqin ki, RİH-də çalışan məmurda
qanunlarımıza hörmətlə yanaşar, vətəndaşla danışanda isə onu “borclu” çıxarmağa çalışmazdı. Nə isə.
***
İstər Bakı, istərsə də regionlarda fəaliyyətdə
olan RİH-lərin müəyyən bir qismi hazırda bələdiyyələrin fəaliyyətini diqqətdə
saxlamaqla yanaşı, onlara dəstək verməyi unutmur. Bu siyahıda paytaxtın Nərimanov,
Xətai, Sabunçu, Səbail, Yasamal rayonları həqiqətən nümunə gətirilə biləcək səviyyədədir.
Bəzi rayonlarda isə əvvəlki illərdə formalaşmış siyasi rəhbərlərin “hökmranlığına”,
ötən illərdəki tək olmasa da, indi də
rast gəlinir.
Fikrimizcə, bələdiyyə-icra münasibətlətinin
bu gün hansı səviyyədə olmasını icra
başçılarının səyyar görüşlərində iştirak etməklə müəyyən etmək olar. Yəni səyyar
görüşlərdə icra başçısının bələdiyyə sədrlərinə göstərdiyi münasibəti əyani şəkildə görmək olar. Təəssüf ki, bu görüşlərdə bəzən bələdiyyə sədrləri icra
başçları tərəfindən artıq yerə “yüklənir” və çıxılmaz vəziyyətə
salınırlar.
Məhz bu məqama aydınlıq gətirmək üçün icra
başçılarının səyyar görüşlərində iştirak etmək qərarına gəldim.
***
Son iki ay ərzində Hacıqabul RİH başçısının
Atbulaq kəndində, Cəlilabad RİH başçısının Çinarlı kəndində və Səbail RİH başçısının
“20-ci sahə” yaşayış massivində keçirdiyi
səyyar vətəndaş qəbullarında, bundan əvvəlki
aylarda isə Sabunçu, Nərimanov və Xəzər RİH başçılarının görüşlərində iştirak
etmişdim. Yazılarımda əvvəlki iştirak
etdiyim üç görüşə ətraflı şəkildə şərh vermişəm. Odur ki, bu dəfə yalnız bəzi məqamlara
müqayisəli şəkildə toxunacağam.
Öncədən qeyd edim ki, görüşlərin hər biri
barəsində məlumatı, Xəzər RİH istisna olmaqla, sosal media üzərindən və yaxud RİH-lərin saytından əldə etmişdim. Xəzər
RİH başçısının səyyar görüşü barəsində məlumatı isə əslində çox çətinliklə əldə
edə bilmişdim. Bu görüşlərdən gəldiyim bəzi nəticələri diqqətə çatdırmaq istərdim.
Onu da əlavə edim ki, icra başçılarının səyyar
görüşlərinin qrafikinin əvvəlcədən açıqlanmaması, görüş vaxtının məxvi
saxlanılması məsələsi artıq müəyyən mənada keçmişdə qalıb. Son aylarda bu
görüşlər barəsində məlumatlar həm sosial media platformalarında, həm də RİH-lərin
saytında yer almaqdadır. Paytaxtın bir sıra mərkəz rayonlarının da bu ənənəyə
qoşulması təqdirəlayiq hal olardı.
Bəzi RİH-lərdə çalışan məmurların heç
bir yeniliyə çan atmaması, təşəbbüsə
qoşulmaması, sakinlərlə görüşlərin daha kreativ formada keçirilməsinə maraq
göstərməməsi hər halda qəbul edilən
deyil. Üstəlik səyyar görüşlərdə eyni adamların iştirakı, eyni sualların verilməsi,
vətəndaşın qəbula yazılmasıyla bağlı əvvəlcədən sorğu-suala tutulması da, birmənalı
olaraq, yolverilməzdir.
***
Son üç görüşdə siyasi rəhbərlərin vətəndaşların
qaldırdığı məsələlərə həssaslıqla yanaşması, Hacıqabul RİH başçısı Rüstəm Xəlilovun
vətəndaşın müraciətiylə bağlı icra nümayəndəsinin
tutduğu mövqeyə dərhal reaksiya verməsi,
Səbail RİH başçısı Vüqar Zeynalovun görüşə gələn hər bir vətəndaşın ən xırda məsələsinə
belə münasibət bildirməsi, Cəlalabad RİH başçısı Rafiq Cəlilovun görüşdən əvvəl
qısa şəkildə rayonda həyata keçirilən layihələr barəsində sakinləri məlumatlandırması
diqqətimdən qaçmadı.
Əlavə edim ki, təcrübəli kadr kimi Rüstəm Xəlilovun
müəyyən məsələlərin həllinə sərt reaksiya verərək nəticədə həllinə nail olması, Vüqar Zeynalova müraciət edən vətəndaşın
“sizdən bir xahişim var” deməsinə, “iki xahişini de” soyləməsi, Cəlalabad RİH başçısı Rafiq Cəlilovun vətəndaşların
hər bir müraciətini, hətta təkrar söylənilsə belə, səbrlə dinləməsi həm mənim, həmdə
iştirakçıların ürəyindən xəbər vermiş
oldu və razılıqla qarşılandığının şahidi oldum.
Beləliklə, iştirakçısı olduğum bu görüşlərdən
hansı nəticəyə gəlmək olar. Maraqlı bir məqam onda idi ki, Sabunçu və Xəzər rayonlarında keçirilən
görüşlərdən fərqli olaraq digər, iştirak
etdiyim dörd görüşdə mənə bir kimsə
yaxınlaşıb heç nə soruşmadı. Bu isə ondan xəbər verir ki, görüşlərin təşkilində müəyyən hazırlıq hiss
olunsa da, istənilən maraqlı şəxs bu
görüşlərdə iştirak edib fikrini bildirməkdə sərbəst idi. Yəni istənilən vətəndaş
görüşdə iştirak edərək öz sözünü deyə bilərdi və buna heç kim mane olmayacaqdı.
Ancaq onu da etiraf edək ki, görüşlərdə
rayonların bütün kommunal sahələrini rəsmi
şəxslər təmsil etsələr də, onlar sözü olan məsul vəzifə sahibi olmadıqlarından vətəndaşa
bir çox hallarda konkret cavab verə bilmirdilər və onlara verilən sualları sadəcə
yola verməklə cavab verirdilər. Yəni hazırda icra başçılarının regional idarəetmə
orqanının rəhbərinə birbaşa müraciət etmək şansları yoxdur. RİH başçısı rayon
üzrə məsul olan sektor müdirinə müraciət etməsi isə hələ məsələnin həlli demək
deyil.
Müşahidələr göstərir ki, bu gün regional
idarəetmə orqanları rayonlarda yaranan problemin sürətli həllini sanki ləngidən
orqan təəsüratını yaratmaqdadır. Əvvəl şöbə statusunda olan orqanın bu gün
sektor kimi səlahiyyətsiz qurum olaraq fəaliyyət göstərməsi hər halda vətəndaşın problemin həllini də
sual altına qoyur.
Beləliklə, RİH başçılarının səyyar görüşləri
vətəndaş narahatlığını bir növ qarşısını almış olsa da, problemi tam və kökündən
həll etmək qüdrətində olmaması göz önündədir. Bir çox hallarda vətəndaşın
problemlərinin həllinə siyasi rəhbərin şəxsi
təcrübəsi və bacarığı kara gəlir.
Nəhayət yekun olaraq qeyd edim ki, idarəetmədə
yeniliyin tətbiq edilməsi, məsələlərin həllinə çevik və operativ şəkildə baxılması
üçün, həmçinin qurumlar arası əlaqələrdə operativliyin artırlması üçün mütləq şəkildə
regional idarəetməyə keçid prosesi sürətləndirilməlidir.
Bu arada isə seçkili orqan olaraq bələdiyyələrin
həm statusuna, həm də sayçoxluğuna yenidən baxılmalı, növbəti seçki prosesinədək
bu məsələlər öz həllini tapmalıdır. Ən əsası isə regional idarəetməyə keçid
zamanı məsuliyyət paylaşılmalıdır. Yəni səlahiyyətin və məsuliyyətin bir hissəsinin
bələdiyyələrin üzərinə qoyulması əslində vətəndaşın da məsuliyyət hissini artırmış
olacaqdır.
İnanıram ki, ölkə başçısının bir müddət öncə
idarəetmədə aparılacaq islahatlarla bağlı verdiyi anonslar tezlikllə öz həllini
tapacaqdır.
Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği”
İctimai birliyin sədri
Rəylər
0 Rəy